Bu il Azərbaycanın metanol ixracı 14 % azalıb
- 15 aprel, 2023
- 05:58
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 99 min 632,8 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 21 milyon 454,64 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 14 % və 42,1 % azdır.
Bu ilin birinci rübü ərzində metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,35 % olub. Hesabat dövründə ilkin formalarda metanolun ölkənin ümumi ixracdakı payı 0,28 % olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 771 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 3 aylıq xarici ticarət dövriyyəsinin 7 milyard 741 milyon ABŞ dolları ixracın, 4 milyard 30 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.