Bu ilin aprel ayında Azərbaycan Türkiyəyə 893,36 milyon kubmetr təbii qaz ixrac edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 21,73 % çoxdur.
Bununla da apreldə Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 22,43 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin aprel ayında Türkiyə Azərbaycandan 733,92 milyon kubmetr təbii qaz idxal edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 3 milyard 513,75 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə 15,6 % çoxdur.
Ümumilikdə isə aprel Türkiyə ümumilikdə 3 milyard 982,20 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 2,1 % azdır.
Apreldə Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. İlin 4-cü ayında Rusiyadan Türkiyəyə 1 milyard 722,44 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 8,49 % azdır.
Apreldə üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə apreldə Türkiyəyə 866,89 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin aprel ayı ilə müqayisədə 3,52 % çoxdur.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.