Bu il Azərbaycan təbii qaz ixracından qazancını 4,7 dəfə artırıb
- 18 iyul, 2022
- 06:30
Bu ilin yanvar-iyun ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 364 milyon 845 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin 6 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 440 milyon 435 min ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 9,5 %, dəyəri isə 4,7 dəfə çoxdur.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 40,26 % olub.
Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 24,836 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 74,9 % çoxdur.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.
Son nəticədə xarici ticarətdə 12,122 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.