Bu il Azərbaycan TANAP ilə 4,2 milyard kubmetrə yaxın qaz nəql edib
- 14 oktyabr, 2022
- 11:22
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə qaz satışı 16,3 milyard kubmetr təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, ötən ilin 9 ayı ilə müqayisədə 22,6 % çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Avropaya 8,3 milyard kubmetr, Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
Xatırladaq ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.