Bu il Azərbaycan polipropilen ixracını 21 % azaldıb
- 16 sentyabr, 2022
- 07:29
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 45 min 22 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 64 milyon 323 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə müvafiq olaraq 20,9 % və 15,2 % azdır.
Bu ilin yanvar-avqust ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,41 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,25 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35,113 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
8 aylıq xarici ticarət dövriyyəsinin 26,245 milyard ABŞ dolları ixracın, 8,868 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.