Bu il Azərbaycan polipropilen ixracını 15 % azaldıb

Energetika
  • 16 dekabr, 2022
  • 13:59
Bu il Azərbaycan polipropilen ixracını 15 % azaldıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 63 min 846,55 ton ilkin formalarda polipropilen ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 84 milyon 793,72 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə müvafiq olaraq 15,1 % və 18,7 % azdır.

Bu ilin 11 ayında polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,15 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,23 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 49 milyard 217 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 11 aylıq xarici ticarət dövriyyəsinin 36 milyard 336 milyon ABŞ dolları ixracın, 12 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.