Bu il Azərbaycan polipropilen ixracını 14 % azaldıb
- 17 noyabr, 2022
- 07:28
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 60 min 636,2 ton ilkin formalarda polipropilen ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 81 milyon 326,01 min ABŞ dolları təşkil edib.
Bu, 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 13,9 % və 15,6 % azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində polipropilenin qeyri-neft sektoru üzrə ixracda payı 3,41 % olub. Hesabat dövründə ilkin formalarda polipropilenin ölkənin ümumi ixracdakı payı 0,23 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.