Bu il Azərbaycan neft ixracını 11 %-dən çox azaldıb
- 18 mart, 2024
- 11:38
Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən iki ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.
Hesabat dövrü ərzində ixrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 11,2 %, dəyəri isə 13,1 % azdır.
Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payı 59,12 % olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.