Bu il Azərbaycan neft emalını 15 %-dək azaldıb
- 10 iyun, 2022
- 12:06
Bu ilin yanvar-may aylarında Azərbaycanda neftin emalı 2,3 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 400 min ton və ya 14,8 % az olub.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.