Bu il Azərbaycan azot gübrəsi ixracından qazancını 38 dəfədən çox artırıb
- 16 iyun, 2022
- 11:33
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 123 min 138 ton azot gübrəsi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən 5 ay ərzində həyata keçirilən ixracın dəyəri 84,07 milyon ABŞ dolları təşkil edib.
Bu, 2021-ci il ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 9,8 dəfə və 38,2 dəfə çoxdur.
Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 7,08 %, ümumi ixracda isə 0,55 % paya malik olub.
Qeyd edək ki, ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.