Bu il Azərbaycan 20 milyon tona yaxın neft ixrac edib
- 14 oktyabr, 2022
- 09:31
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 19,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə operativ məlumatlarında deyilir.
Bildirilir ki, bunun 18,6 milyon tona yaxını Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ), 1,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
BP ABƏŞ-in ən iri səhmdarı və operatorudur. Konsorsiumda həmçinin “MOL Group”, INPEX, Equinor, ExxonMobil, TPAO, Itochu və ONGC şirkətləri təmsil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.