Bu il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Energetika
  • 04 noyabr, 2023
  • 09:09
Bu il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 183 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 milyon ABŞ dolları və ya 2,15 % azdır.

Bu ilin ilk 10 ayında Neft Fonduna daxil olan vəsaitlərin 259,554 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 10 aylıq dövrü ilə müqayisədə 69,013 milyon ABŞ dolları və ya 21 % azdır.

Qeyd edək ki, sentyabr və oktyabr aylarında ARDNF “Şahdəniz” yatağından qaz və kondensat satışından gəlir əldə etməyib.

Xatırladaq ki, ötən ilin 10 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 1 milyard 209 milyon ABŞ dolları təşkil edib. Həmçinin kondensatın satışından 328,567 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).