Bu il ARDNF “Azəri-Çıraq-Günəşli”dən gəlirlərini 90 % artırıb
- 05 sentyabr, 2022
- 11:18
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 6 milyard 629 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 3 milyard 140,5 milyon ABŞ dolları və 0yaxud 90 % çoxdur.
Xatırladaq ki, 2021-ci ilin 7 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 3 milyard 488,5 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.