Bu il Aİ ölkələri Azərbaycandan neft məhsulları idxalını 286 dəfə artırıb
- 26 sentyabr, 2023
- 07:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan neft məhsulları idxalını 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 286 dəfə - 201,93 min tona qədər artırıb.
“Report”un məlumatına görə, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Eurostat) hesablamalarında deyilir.
Hesablamaya əsasən, Azərbaycandan ixrac edilən neft məhsullarının dəyəri 118,04 milyon avro (artım 146 dəfə) həcmində qiymətləndirilir.
Aİ ölkələri arasında Azərbaycandan ən çox neft məhsulları idxal edən ölkə Yunanıstan olub. Bu müddət ərzində Yunanıstan Azərbaycandan 64,93 milyon avro dəyərində 128,45 min ton neft məhsulları idxal edib.
İkinci yerdə Kipr qərarlaşıb. Yanvar-iyul aylarında Azərbaycandan Kiprə 31,29 milyon avro dəyərində 40,24 min ton neft məhsulları ixrac edilib.
Azərbaycan bir il bundan əvvəl Yunanıstan və Kiprə neft məhsulları tədarük etməyib.
Siyahının ilk üçlüyünü Malta qapayır. Bu ilin ilk 7 ayında Malta Azərbaycandan 24 min ton neft məhsulları idxal edib. İdxal olunan məhsulların dəyəri isə 14,88 milyon avroya bərabər olub. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu həcm baxımından 214,7 dəfə, dəyər ifadəsində isə 381 dəfə çoxdur.
Eyni zamanda, bu ilin iyul ayında Aİ ölkələri Azərbaycandan 22,57 milyon avroluq 43,17 min ton neft məhsulları idxal edib. Bu, 2022-ci ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 347 dəfə və 1 053 dəfə artım deməkdir. İdxalın əhəmiyyətli hissəsi Yunanıstanın payına düşüb. Bu ölkə iyulda 22,06 milyon avro dəyərində 42,62 min ton neft məhsulları idxal edib.
Xatırladaq ki, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan neft məhsullarının idxalını 2021-ci illə müqayisədə 34,5 % artıraraq 17,6 min tona çatdırıb. Bunun da ümumi dəyəri 15,19 milyon avro təşkil edib ki, bu da 2021-cui ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.