Bakı. 30 noyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında bu ilin yanvar-sentyabr ayları ərzində ümumi hasilat 175 mln. barel, yəni 24 mln. ton təşkil edib.
"Report" xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru olan "BP-Azerbaijan" şirkətinin hesabatında qeyd olunub.
Bildirilib ki, hesabat dövründə "Çıraq" (54 min barel), "Mərkəzi Azəri" (156 min), "Qərbi Azəri" (110 min), "Şərqi Azəri" (72 min), "Dərinsulu Günəşli" (141 min) və "Qərbi Çıraq" (107 min) platformalarından birlikdə gündə orta hesabla 640 min barel neft hasil olunub.
Bu ilin 9 ayında ixrac olunan xam neftin həcmi ötən ilin müvafiq dövründən 0,83% az olub.
Üç rübün sonunda AÇG-də ümumilikdə 88 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda olub.
Qeyd edək ki, AÇG layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) iştirak edir.