Bu il AÇG və “Şahdəniz”dən 587 milyon tondan çox neft hasil edilib
- 26 aprel, 2022
- 14:18
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin aprelin 1-dək 587 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin ilk 3 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 552 milyon tona yaxın neft, “Şahdəniz”dən isə 35 milyon tondan çox kondensat çıxarılıb.
Yataqlar istismara veriləndən bu ilin aprelin 1-dək “Azəri-Çıraq-Günəşli”dən 193 milyard kubmetrdən çox, “Şahdəniz”dən isə 164 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən 112 milyard kubmetrdən çox qaz ixraca nəql edilib.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), AzSD (14,35 %), "SGC Upstream" (6,7 %),"LUKoil" (19,99 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.