Bu gün Bolqarıstan-Rumıniya qaz kəmərinin Dunay çayı hissəsinin tikintisi başa çatacaq

Bu gün Bolqarıstan-Rumıniya qaz kəmərinin Dunay çayı hissəsinin tikintisi başa çatacaq “SOCAR Petroleum SA”nın baş direktoru son tamamlama işləri ilə tanış olub
Energetika
25 Sentyabr , 2016 12:36
Bu gün Bolqarıstan-Rumıniya qaz kəmərinin Dunay çayı hissəsinin tikintisi başa çatacaq

Buxaret. 25 sentyabr. REPORT.AZ/ Rumıniya və Bolqarıstanı birləşdirəcək “Giurgiu-Russe” interkonnektorunun tikintisi davam edir. Rumıniya Baş nazirinin müavini, iqtisadiyyat, ticarət və biznes mühiti naziri Kostin Bork işlərin gedişatı ilə tanış olmaq üçün hazırda tikintinin davam etdiyi iki ölkə sərhədində yerləşən Komaska kəndində olub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimovun da iştirak etdiyi tədbirdə “Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Stelian qaz xəttinin tikintisinin gedişilə bağlı Baş nazirin müavini və qonaqlara ətraflı məlumat verib.

Sonra tədbir iştirakçıları “Giurgiu-Russe” qaz interkonnektorunun Dunay çayından keçən hissəsinin tikintisi və eləcə də boru xəttinin çayın dibilə Bolqarıstana ötürülməsi anını izləyiblər. Qeyd edək ki, kəmərin Dunay çayının dibi ilə keçən hissəsinin uzunluğu 2,1 km., dərinliyi isə 80 metrdir. Ötürülən boru xətti bu gün günorta saatlarında Bolqarıstana çatacaq və bununla da Rumıniya və Bolqarıstan arasında mavi yanacağın nəqli üçün nəzərdə tutulan nəqliyyat sistemi yaradılmış olacaq.

Tədbir çərçivəsində qonaqlar yeni tikilən “Giurgiu Qaz Hesablama məntəqəsi”nə də baş çəkiblər və məntəqədə yaradılan şəraitlə yaxından tanış olublar. Məntəqə imkan verəcək ki, mavi yanacaq sözügedən boru kəmərilə Rumıniyadan Bolqarıstana və əks istiqamətə nəql olunsun. İnterkonnektorun tikintisi başa çatdıqdan sonra ötürücü gücü 0,5 milyard kubmetr olan daha bir ehtiyat xəttin tikintisinə başlanılacaq.

Xatırladaq ki, “Giurgiu-Russe” qaz interkonnektorunun ümumi uzunluğu 25 km-dir. Onun 15,4 km. hissəsi Bolqarıstan, 7,5 km. hissəsi isə Rumıniya ərazisini əhatə edir. Qaz kəmərinin illik ötürücü gücü 1,5 mlrd. kubmetrdir. Layihənin ümumi dəyəri 23 mln. avro təşkil edir. Avropa Komissiyası layihəyə 8,9 mln. avro vəsait ayırıb. Bolqarıstan tikintiyə 13 mln., Rumıniya tərəfi isə 10 mln. avro xərcləyəcək. 31 dekabr 2016-cı ildə yekunlaşacaq layihənin tikintisi Rumıniyanın "Transgaz" və Bolqarıstanın "Bulgartransgaz" şirkətləri tərəfindən birgə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi