BTC kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb
- 14 iyun, 2024
- 07:14
Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 15 milyon 971,1 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,8 % azdır.
Ötən 5 ay ərzində nəqletmənin 75,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-may aylarında bu kəmər vasitəsilə 11 milyon 986,4 min ton neft ötürülüb. Bu, bir il öncəki göstərici ilə müqayisədə 3,6 % azdır.
Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 81,3 %-ini və ya 9 milyon 749 min tonunu Azərbaycanda hasil edilən neft, 18,7 %-ini və ya 2 milyon 237,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 7 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 14,8 % artıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.