BTC ilə nəql edilən tranzit neftinin həcmi 40 % artıb
- 15 aprel, 2022
- 12:21
Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 8 milyon 642,5 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 % azdır.
3 ay ərzində nəqletmənin 77,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat ayı ərzində BTC vasitəsilə 6 milyon 675 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 3 ayı ilə müqayisədə 2,9 % azdır.
Dövr ərzində BTC kəməri ilə 1 201,7 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 3 ayının göstəricisi ilə müqayisədə 40 % çoxdur.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.