Bakı. 4 may. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti 50 dollar/bareldən aşağı düşüb.
"Report" xəbər verir ki, əmtəə birjalarında "qara qızıl"ın hər barreli 49,72 dollara bərabər olub ki, bu da 2017-ci ildə qeydə alınmış minimal həddən 0,01 dollar çoxdur.
Yaranmış vəziyyət ABŞ-ın neft ehtiyatlarındakı azalmanın gözlənilən səviyyədə olmaması, eləcə də OPEC-ə üzv və qeyri-üzv neft hasilatçısı ölkələrinin istehsalı azaltmaq barədə əldə etdiyi anlaşmanın müddətini uzadılması ehtimalı ilə bağlıdır.
"Report"un analitik qrupu hesab edir ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır və qiymət 48 dollar/barelə endikdən sonra yenidən artmağa başlayacaq.
Qeyd edək ki, bu gün ABŞ-da aktiv neft-qaz quyularının sayı barədə həftəlik statistikanın açıqlanması gözlənilir. Quyuların sayının artacağı istisna edilmir. Bu səbəbdən neftin ucuzlaşması müvəqqəti sürətlənə bilər.