BP Zəngilan-Cəbrayılda günəş elektrik stansiyasının tikintisini dəyərləndirir
- 15 noyabr, 2021
- 09:46
BP şirkəti işğaldan azad edilmiş Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin dəyərləndirməsini həyata keçirir.
“Report”un məlumatına görə, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sahədə Azərbaycanın Energetika Nazirliyi ilə danışıqlar davam etdirilir: “Layihənin dəyərləndirilməsinə günəş elektrik stansiyanın yerləşəyi yerin müəyyən edilməsi, bu sahəyə uyğun günəş panellərinin sayı bəlli olmalıdır. Təbii ki, günəş panellərinin qiymətləri, quraşdırılmasının dəyəri və kommersiya şərtləri məlum olmalıdır”.
B. Aslanbəyli bildirib ki, son zamanlar dünya bazarında günəş panellərinin qiyməti artıb: “Bu da layihənin kommersiya dəyərləndirilməsinə təsir edir. Bütün bu məsələlərin dəyərləndirilməsi nəticəsində bu dəyərləndirmələr bitdikdən sonra yekun investisiya qərarı məlum olacaq”.
O qeyd edib ki, hazırda layihə üzərində aktiv iş gedir: “Energetika Nazirliyi və BP şirkəti arasında imzalanmış icra müqaviləsinə əsasən, ekspertlər səviyyəsində adıçəkilən dəyərləndirmələr həyata keçiriləcək. Bundan sonra isə yekun qərar veriləcək”.
Xatırladaq ki, bu ilin iyun ayında Energetika Nazirliyi və bp Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 %-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Energetika Nazirliyi və BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.