BP şirkəti Azərbaycandakı tərəfdaşları ilə birgə məktəblər üçün həyata keçirdiyi 60 min manat dəyərində sosial investisiya layihəsini başa çatdırıb.
"Report" xəbər verir ki, layihə Azərbaycanın orta məktəbləri üçün yeni təhsil məzmunu nəzərdə tutur və distant təhsil imkanlarını genişləndirir.
BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin müxtəlif sahələrə, o cümlədən sosial sahəyə töhfə verməyə çalışdığını bildirib. Onun sözlərinə görə, bura 3 istiqamət daxildir: ətraf mühit, kiçik və orta biznesin inkişafı, təhsil.
"Bildiyiniz kimi, məktəbdə əldə olunan biliklər uşağın tam və hərtərəfli inkişafı üçün kifayət etmir. Təəssüf ki, bizim dövrümüzdə kitablar yeni informasiyanın qavranılması üçün ən yaxşı vasitə rolunu itirib, video məzmun daha böyük aktuallıq qazanıb", - o deyib.
Təhsil layihələrini dəstəkləmək üçün BP Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edir və indiyə qədər bir çox birgə layihələr həyata keçirilib.
Nazirliyin Aparat rəhbəri Həsən Həsənli ölkədə təhsil sahəsinin pandemiya və distant təhsilə keçid kimi çətinliklərdən keçdiyini bildirib. Onun sözlərinə görə, bu gün Azərbaycan distant təhsilin təşkili ilə bağlı artıq kifayət qədər təcrübəyə malikdir: "Məktəblərdə təhsil təkcə kitablarla məhdudlaşmamalı, şagirdlər özlərini inkişaf etdirə bilməlidirlər və bunun üçün şagirdləri cəlb edən lazımi məzmunlar olmalıdır”.
Təhsil Nazirliyi bu layihədən pilot formatda 30 məktəbdə istifadə edib. Layihə 3 230 şagird, 64 müəllim və 122 sinfi əhatə edib.
Ümumilikdə, layihə karyera planlaması, maliyyə savadlılığı və sahibkarlıq üzrə onlayn dərslər üçün sinifdənxaric məzmunun hazırlanmasına yönəldilib.
Bundan əlavə, layihə çərçivəsində dövlət və özəl sektorda karyera qurmuş uğurlu insanlarla 9 onlayn müsahibə əsasında xüsusi təlim proqramları təşkil edilib. Onlar Elm və Təhsil Nazirliyinə maliyyə savadlılığı və sahibkarlıq üzrə sinifdənkənar tədbirlər üçün məzmunun hazırlanmasına dəstək olmaq üçün göndərilib.