Yuxarı

BP və "SOCAR-Cape" müqavilə imzalayıb

Müqavilənin dəyəri 90 mln. dollar təşkil edir

Bakı. 22 dekabr. REPORT.AZ/ "SOCAR-Cape" MMC "BP-Azerbaijan" şirkəti ilə Azərbaycanda onşor və ofşor əməliyyatlarda texniki xidmət göstərilməsi üzrə mövcud müqavilənin iki il müddətinə uzadılması barədə yeni müqavilə imzalayıb. "Report" xəbər verir ki, müqavilənin dəyəri 90 mln. ABŞ dolları təşkil edir.

Şirkətin baş icraçı direktoru Co Otli (Joe Oatley) BP-nin “SOCAR-Cape” şirkəti tərəfindən həyata keçirilən xidmətlərin keyfiyyəti və effektivliyinə etimad göstəricisi olan bu müqavilənin uzadılmasından məmnunluğunu bildirib.

Dünən manatın devalvasiyası ilə bağlı isə şirkətdən bildirilib ki, devalvasiyanın Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyini müəyyən etmək hələ tezdir: "“SOCAR-Cape” ölkə daxilində bütün müştərilərinə yüksək keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə davam edəcək".

Qeyd edək ki, "SOCAR-Cape" MMC 2010-cu il iyun ayında yaradılıb. Birgə müəssisədə SOCAR 51%, "Cape Industrial Services Ltd." isə 49% paya malikdir. "SOCAR-Cape" MMC taxtabənd konstruksiyaların montaj/demontajı və icarəyə verilməsi, bütün növ izolyasiya, boya və qumla cilovlama işlərinin görülməsi, odadavamlı örtük sistemlərinin suvanması üzrə fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi