BP üç rüb ərzində AÇG-dən hasilat həcmini açıqlayıb

Energetika
  • 04 noyabr, 2021
  • 09:14
BP üç rüb ərzində AÇG-dən hasilat həcmini açıqlayıb

Bu ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (29 min barel), “Mərkəzi Azəri” (109 min barel), “Qərbi Azəri” (115 min barel), “Şərqi Azəri” (77 min barel), “Dərinsulu Günəşli” (87 min barel) və “Qərbi Çıraq” (44 min barel) platformalarından birlikdə – gündə orta hesabla 461 min barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton olub. Bu ilin üçüncü rübündə AÇG üzrə hasilat ötən ilin müvafiq dövründən 5 % az olub.

Sentyabrın 18-də AÇG layihəsi yataqdan 4 mliyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib.

AÇG-nin illik iş proqramı çərçivəsində bu il iki platformada planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib – ikinci rübdə “Qərbi Azəri”də və üçüncü rübdə “Çıraq” platformasında.

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Bu ilin üç rübündə AÇG-də 7 neft hasilatı və 3 injektor quyusu qazılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti