​BP "Şahdəniz"də işləri 20 günlük dayandırır

​BP "Şahdəniz"də işləri 20 günlük dayandırır Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir
Energetika
3 Avqust , 2015 18:33
​BP Şahdənizdə işləri 20 günlük dayandırır

Bakı. 3 avqust. REPORT.AZ/ "Şahdəniz" layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqust ayında "Şahdəniz" platformasının, həmçinin Səngəçal terminalındakı "Şahdəniz" qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək. Bu barədə "Report"a "Şahdəniz" yatağının işlənməsi layihəsinin əməliyyatçısı "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

BP rəsmisinin sözlərinə görə, planlaşdırılmış profilaktik işlərin, həmçinin inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün "Şahdəniz" platformasından hasilat avqustun 2-dən başlayaraq təxminən 20 gün ərzində dayandırılıb: "Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Bu proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib". 

"Azəri-Çıraq-Günəşli yatağından (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək", - Tamam Bayatlı əlavə edib. 

BP sözçüsünün fikrincə, bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri məqsədilə həyata keçirilir: "Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür".

Son xəbərlər

Orphus sistemi