BP Qarabatdağ sahəsində 3-cü quyunun qazma işlərinə başlayıb

Energetika
  • 05 may, 2022
  • 11:36
BP Qarabatdağ sahəsində 3-cü quyunun qazma işlərinə başlayıb

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması Qarabatdağ sahəsində başlanıb.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə bu ilin I rübü ilə bağlı Binzesə dair yaydığı hesabatda qeyd edilib.

Bildirilir ki, bu quyuda qazma işləri artıq 770 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir.

"Bundan əvvəl isə layihə çərçivəsində ikinci kəşfiyyat quyusu Bibiheybət sahəsində 4 230 metr ümumi dərinliyədək qazılıb və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilmişdi. Bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdı", - “BP-Azerbaijan” qeyd edib.

Qeyd edək ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir. Burada qazma işlərinin “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu vasitəsilə aparılması planlaşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti