BP şirkətinin maliyyə dəstəyi ilə daha 4 kitab tərcümə olunaraq pedaqoji ictimaiyyətə təqdim edilib.
"Report" xəbər verir ki, bunlar Rona Hartın "Pozitiv psixologiya", Çarlz A. O'Reyli və Malykl L.Tuşmanın "Liderlik et və qalib gəl: İnnovator dilemmasını necə həll etməli", Örl Bebbinin "Sosial tədqiqat praktikası" və Con Mallinsin "Yeni biznes yolu testi" kitablarıdır.
Təqdimat mərasimində çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, şirkətin ölkədə həyata keçirdiyi sosial layihələrin 80%-i təhsillə bağlıdır.
"Təhsilə yatırılan investisiya daha asan geri qayıdır. İlk dəfə 2018-ci ildə 3 dərsliyin tərcüməsini həyata keçirdik. Bu, pilot layihə idi və çox böyük uğurla nəticələndi. Biz də bundan həvəslənərək sonrakı dövrlərdə daha 10 kitabı tərcümə etdirdik. Bu gün təqdim edilən 4 kitabla birlikdə ümumilikdə 19 kitabın tərcüməsi və yayılması həyata keçirilib. Tərcümə etdiyimiz yeni kitablar kifayət qədər bahalıdır. Onların arasında qiyməti 148, hətta 182 ABŞ dolları olanlar da var. Bundan əvvəl tərcümə etdiyimiz bir kitabın dəyəri isə 700 dollar civarında idi. Bu günə qədər ölkəmizdə və ölkə hüdudlarından kənarda 65 min nüsxədən artıq kitabın oxucular arasında yayılmasına dəstk vermişik. Həmçinin "Rəqəmsal kitabxana" layihəsi çərçivəsində 29 mindən artıq kitab elektronlaşdırılıb", - deyə o qeyd edib.

