BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində baş əməliyyat rəhbəri olacaq
Energetika
13 Mart , 2017 14:00
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub

Bakı.13 mart.REPORT.AZ/ BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub. 

“BP-Azerbaijan”dan “Report”a verilən məlumata görə, yeni regional prezident Qari Cons (Gary Jones) vəzifəsinin icrasına bu il aprel ayının 2-də başlayacaq. O, BP-nin Bakı ofisində fəaliyyət göstərəcək.

Yeni regional prezident hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.

“Q.Cons bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində baş əməliyyat rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək”, - deyə məlumatda qeyd olunub.

BP-nin baş icraçı direktoru Bob Dadli bildirib ki, Q.Cons qlobal miqyasda təcrübəli bir neftçi və yetkin bir biznes rəhbəridir: “BP-nin dünya üzrə quyularını idarə edən bölümünə uzun müddət başçılıq etmiş bir şəxs kimi o, bu yeni vəzifəyə Xəzərdəki əməliyyatlarımızla bağlı öz dərin texniki bilgilərini gətirir. O, BP-nin "Rumeyla" yatağı və Şimal dənizindəki yataqlar kimi bir sıra çox mühüm biznesini idarə edib. BP Azərbaycanda öz 25-illiyini qeyd etdiyi bir vaxtda bizim qəti niyyətimiz bütün maraqlı tərəflərlə daha da sıx əməkdaşlıq vasitəsilə regiondakı biznesimizin uğurunu davam etdirməkdir. BP-nin yeni regional prezidenti kimi Qari bizim uğurlu tərəfdaşlığımızı BP-nin burada idarə etdiyi bütün layihələrdəki böyük nailiyyətlərin üzərində quraraq davam etdirəcək. Fürsətdən istifadə edərək həmçinin Qordona da BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədəki uğurlarının qazanılmasında rəhbərliyinə və bu işlərdəki qətiyyətinə görə öz təşəkkürümü bildirmək istəyirəm. Qordon regiondakı biznesimizə dörd ildən artıq rəhbərlik edib və hökumət, SOCAR və tərəfdaşlarımızla çox yaxşı əlaqələr və əməkdaşlığa əsaslanan çoxsaylı uğurlar və nailiyyətlər əldə edib. Mən Qariyə və Qordona yeni vəzifələrində uğurlar diləyirəm”. 

Qeyd edək ki, Q.Cons BP şirkətində 1981-ci ildə çalışmağa başlayıb və indiyədək şirkətin qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrində çalışıb.

BP-də işləməyə başladığı ilk illərdə o, qazma və quyular üzrə bir sıra mühəndis və texniki vəzifələrdə çalışıb, o cümlədən Meksika Körfəzində dərinsulu əməliyyatlarda, Şimal dənizində, həmçinin Çin, Niderland və Afrikada çoxsaylı qazma əməliyyatlarında fəaliyyət göstərib.

Onun çalışdığı əsas rəhbər vəzifələrə BP-nin İraqdakı əməliyyatlarına “Rumeyla” yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada “Verxneçonskoye” yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və BP-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir.

Q. Cons Birminqem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var.

Son xəbərlər

Orphus sistemi