Yuxarı

BP: Neft hasilatının dondurulmasına dair anlaşma əhəmiyyətsiz olacaq

Əsas məsələ ABŞ-ın şist neft ehtiyatlarının tükənməsinə çalışmaqdır

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Neft hasilatının dondurulması ilə əlaqədar hər hansı anlaşma cari vəziyyətdə heç bir məna kəsb etməyəcək." 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı "BP Rusiya"nın vitse-prezidenti Vladimir Drebentsov verib. 

Onun sözlərinə görə, neft bazarında təklifin həddindən çox olması qiymətlərin sabit artımını təmin edə bilməz. 

"Qlobal və lokal neft və neft məhsulları bazarları: təhlil, qiymətqoyma və mal axını" adlı konfransda danışan V.Drebentsov deyib ki, hasilatı azaltmaqla düşən neft qiymətləri ilə mübarizə aparmaq olmaz, əsas məsələ təklifin azaldılmasıdır: "Hazırda neft bazarında qiymətləri dəstəkləyən amil bəzi ölkələrin gündəlik 2 mln. barelə yaxın hasil etdikləri neftin əldə olunmasında yaranan problemlərdir".

Uzunmüddətli perspektivdə isə BP rəsmisi ABŞ-ın şist neft hasilatı göstəricinin əsas rol oynayacağını bildirib. Onun sözlərinə görə, neft sənayesi tarixində elə bir ölkə olmayıb ki, ardıcıl 4 il hasilatı gündəlik 1 mln. barel artırmış olsun: "Bu il ABŞ-ın neft hasilatında bir qədər səngimə olsa da, bu ölkənin artım potensialı yüksəkdir. Belə ki, şist neft hasilatının əsasında texnologiyaların inkişafı durur".

V.Drebentsov məhz bu səbəbdən Əlcəzair görüşünə şühbəli baxdığını deyib: "Hasilat dondurularsa neftin qyiməti yüksələcək, nəticədə ABŞ yenidən hasilatı sürətlə artıracaq. Cari reallıqlarda hasilatı dondurmaqla bağlı anlaşmaya əsas yoxdur". 

Onun sözlərinə görə, yaxın illərdə əsas məsələ ABŞ-ın şist neft ehtiyatı bazasının tükənməsinə çalışmaqdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi