Bu gün BP Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə universitetə müasir elektron kitabxana hədiyyə edib.
“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu kitabxana 700 000 nüsxəyə yaxın rəqəmsallaşdırılmış kitab, tədris materialları və digər vəsaitlərə məsafədən birbaşa çıxış təmin etməklə istifadəçilərə mürəkkəb axtarışlar aparmağa və məzmunu başqaları ilə paylaşmağa imkan yaradacaq.
Yeni elektron kitabxana həmçinin kitabxana sisteminin səmərəli fəaliyyəti üçün tələb olunan bütün zəruri fiziki infrastruktura malikdir. Burada istifadə olunan elektron vasitə kitabxananın idarə edilməsi proseslərinin təkmilləşdirilməsinə kömək edəcək.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz Azərbaycanın ən qədim və ən nüfuzlu pedaqoji universitetinin 100 illik yubileyinin qeyd olunmasına qoşulmaqdan məmnunuq. Ümid edirik ki, bu gün istifadəyə verdiyimiz rəqəmsal kitabxana təlim, tədris və tədqiqat materiallarının zəngin və asanlıqla əl çata bilən mənbəyinə çevriləcək və universitetin təhsilin keyfiyyətini artırmaq səylərinə dəstək verəcək. İnanırıq ki, bu müasir elektron kitabxana həm tələbələrin, həm də müəllimlərin elmi-tədqiqat fəaliyyətinə təkan verməklə universitetdə elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verəcək”.
Layihənin ümumi dəyəri təxminən 421 min manat təşkil edir və bu məbləğ kitabxananın rəqəmsal fəaliyyəti üçün zəruri olan proqram təminatının hazırlanması, inventarların səmərəli idarə edilməsi prosesinin qurulması və lazımi fiziki infrastrukturun quraşdırılmasını əhatə edir.