Yuxarı

BP Bakı-Supsa kəmərinin modernləşməsinə 150 mln. dollar xərcləyəcək

Robert Dadli: Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin inşası qrafikə uyğun davam edir

Bakı. 21 yanvar. REPORT.AZ/ BP şirkəti Azərbaycan neftini Gürcüstan ərazisindən dünya bazarına nəql edən Bakı-Supsa kəmərinin müəyyənləşdirilmiş hissəsinin modernizasiyası və ekoloji standartların yaxşılaşdırılmasına 150 mln. dollar vəsait xərcləyəcək.

"Report"un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davos Dünya İqtisadi Forumu çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşdə bildirib.

R.Dadli şirkətin Gürcüstanda həyata keçirdiyi layihələr barədə Gürcüstan tərəfinə ətraflı məlumat verib. O, dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq,  Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsinin icrasının qrafikə uyğun həyata keçirildiyini və 2018-ci ildə tamamlanacağını bildirib.

Qeyd edək ki, Bakı-Supsa neft kəməri (Qərb İxrac boru kəməri) Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Bakı-Supsa kəmərinin uzunluğu 829 km-dir. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib.

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi (CQBKG) "Şahdəniz" yatağının tammiqyaslı işlənməsi layihəsinin bir hissəsidir. Bu yatağın işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracını nəzərdə tutan boru kəməri Gürcüstan-Türkiyə sərhəddində TANAP kəmərinə qoşulacaq.

Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə Azərbaycan ərazisində yeni boru kəmərinin çəkilməsi və Gürcüstanda iki yeni kompressor stansiyasının tikintisi daxildir. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 km-i Azərbaycanda, 248 km-i Gürcüstandadır. Diametri isə 42 düymdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi