BP və onun Azərbaycanda əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları biznes təhsili üzrə qabaqcıl beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi məqsədi ilə bir sosial sərmayə layihəsi olan Adaptiv Strateji İdarəetmə Proqramına öz dəstəklərini davam etdirirlər.
“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu layihə ölkədə biznes idarəetmə təhsili üzrə mövcud tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihəni ABŞ-də yerləşən “Korn Ferry” beynəlxalq təlim şirkəti ADA Universiteti ilə tərəfdaşlıqda həyata keçirir.
Bu gün layihə çərçivəsində iki yeni qrupun təlimlərə başlaması ilə əlaqədar ADA Universitetində tədbir keçirilib. Yeni qruplarda ümumilikdə 42 nəfər iştirakçı olacaq. Bundan əvvəlki ilk dörd qrupun umumilikdə 78 nəfər iştirakçısı təlimləri uğurla bitirib.
Yeni qrupların təlimləri bu ilin sonunadək davam edəcək. Proqramı uğurla başa vuran iştirakçılara Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin sertifikatları verilir.
Adaptiv Strateji İdarəetmə Proqramının əsas diqqəti fəaliyyət göstərdikləri konteksti müntəzəm olaraq qiymətləndirməyi və ona çevik şəkildə reaksiya verməyi bacaran biznes rəhbərlərinin inkişafına yönəlib. Beynəlxalq miqyasda tanınmış bu proqramı Azərbaycana ilk dəfə olaraq gətirməkdə məqsəd sürətlə dəyişən biznes mühitində təşkilatların öz hədəf və strateji məramlarına doğru məqsədyönlü şəkildə irəliləməsi, rəqabətədavamlı və uğurlu fəaliyyətini davam etdirməsi üçün bu cür dəyişikliklərə uyğunlaşmalarına kömək etməkdir.