BP Azərbaycan Memarlıq və İnşaat Universitetində üç yeni laboratoriya açıb

BP Azərbaycan Memarlıq və İnşaat Universitetində üç yeni laboratoriya açıb ​​​​​​​Bu gün BP şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) tam təchiz edilmiş üç yeni laboratoriya açıb
Energetika
19 may 2025 14:25
BP Azərbaycan Memarlıq və İnşaat Universitetində üç yeni laboratoriya açıb

Bu gün BP şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) tam təchiz edilmiş üç yeni laboratoriya açıb.

“Report” xəbər verir ki, layihə ölkədə təhsilin inkişafına və innovasiya potensialının artırılmasına BP-nin daha bir əhəmiyyətli töhfəsidir.

Yeni laboratoriyalar BP-nin AMİU-ya daha öncə hədiyyə etdiyi üç laboratoriyaya əlavə olaraq universitetin texniki infrastrukturunun genişləndirilməsinə xidmət edəcək.

Bu təşəbbüs şirkətin yerli universitetlərin tədris və tədqiqat imkanlarının müasirləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsi olmaqla təhsilin keyfiyyətinin artırılmasına və mühəndislik və tikinti sahələrində innovasiyaların təşviqinə yönəlib.

Yeni açılmış laboratoriyaların birincisi Ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyasıdır. Bu laboratoriya “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrasına təqdim edilib.

İkinci laboratoriya Nasos və nasos qurğuları laboratoriyasıdır ki, bu da “Meliorasiya və su təsərrüfatı tikintisi” kafedrasına təqdim edilib. Üçüncü laboratoriya isə Daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyasıdır ki, bu da “Texnoloji maşın və avadanlıqlar” kafedrasına təqdim edilib.

Laboratoriyaların açılış tədbirində çıxış edən BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, ixtisaslaşdırılmış tədris obyektlərinin, infrastrukturun və avadanlıqların mövcudluğu tədris prosesinin müasirləşdirilməsində əsas rol oynayır: “Bu, ölkə üçün yeni nəsil memar və inşaat mühəndislərinin yetişdirilməsinə zəmin yaratmaqla, qabaqcıl beynəlxalq təcrübələrdən, rəqəmsal vasitələrdən və müasir texnologiyalardan istifadə edərək yeni tədris və təlim metodlarının tətbiqinə imkan verir. Çox məmnunuq ki, Memarlıq və İnşaat Universitetinin texniki imkanlarının artırılmasını dəstəkləmək, ümumilikdə isə Azərbaycanda yüksək keyfiyyətli təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək imkanımız var.”

Layihənin ümumi dəyəri 170 245 manatdır (təxminən 100 144 ABŞ dolları). Bu məbləğə bütün laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, həmçinin, yeni qurğu və texnologiyalardan səmərəli istifadəni və onlara lazımi texniki xidmətin göstərilməsini təmin etmək üçün universitet heyətinə hərtərəfli təlimin keçilməsi daxildir.

Orphus sistemi