“BP-Azerbaijan” və tərəfdaşları aztəminatlı ailələrin uşaqlarının təhsilinə 463,8 min manat yardım edib

“BP-Azerbaijan” və tərəfdaşları aztəminatlı ailələrin uşaqlarının təhsilinə 463,8 min manat yardım edib Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını qeyd ediblər.
Energetika
28 Avqust , 2018 17:50
“BP-Azerbaijan” və tərəfdaşları aztəminatlı ailələrin uşaqlarının təhsilinə 463,8 min manat yardım edib
0 : 00
0 : 00

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün BP və onun “Azəri-Çıraq-Günəşli” (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını qeyd ediblər.

“Report” xəbər verir ki, bu layihə BP və tərəfdaşlarının onların əməliyyatlarının qonşuluğunda yaşayan icmalarda davamlı inkişaf imkanları yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına şərait yaratmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan, yaxud xüsusi qayğıya ehtiyacı olan orta təhsilli gənclər daxildir.

Bu vaxtadək layihə iki mərhələdə (2017 və 2018) həyata keçirilib və Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan bir sıra icmaları əhatə edib. Layihə 2017-ci ildə Qaradağ rayonundakı icmalarla başlayıb və növbəti ildə onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Bununla yanaşı, layihəyə fiziki imkanları məhdud olan gənclərin də qoşulmasına imkan verən yeni elementlər əlavə olunub.

Layihənin iki mərhələsində, ümumilikdə, 121 nəfər iştirak edib və bunlardan da 110 nəfəri, ümumilikdə, iştirakçıların 91%-i, ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Əvvəlki 2 mərhələnin uğurlu nəticələrinə əsaslanaraq 2019-cu ildə layihənin 3-cü mərhələsini həyata keçirmək qərara alınıb.

Layihə üzrə proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

BP və tərəfdaşlarının keçirdiyi tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu gün layihənin uğurlu iştirakçıları üçün həyəcanlı bir gündür: “Biz təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcında bu həyəcanı onlarla birgə yaşamaqdan məmnunuq və onların universitet tələbəsi olmaq məqsədlərinə doğru ilk uğurlu addım atmasına dəstək olmaqdan qürur duyuruq. Layihənin builki nəticələri, həqiqətən də, çox sevindiricidir. Belə ki, 2 nəfər layihə iştirakçısı 650-dən yuxarı, 17 nəfər isə 500-dən yuxarı bal toplayıb. Uğurlu iştirakçılar arasında fiziki imkanları məhdud olan 2 gəncin olması isə bizim üçün xüsusilə sevindiricidir. Ümid edirik ki, onların universitet təhsili də bizim layihədəki kimi uğurlu olacaq”.

Layihənin iki mərhələsinin birlikdə ümumi dəyəri 463,752 manat (1-ci mərhələ - 61,608 manat və 2-ci mərhələ - 402,144 manat) təşkil edir və hər bir mərhələnin müddəti 15 aydır.

Layihənin icraçısı “Legacy CSR Consulting and Management LLC” şirkətidir. 

Son xəbərlər

Orphus sistemi