Yuxarı

​"BP-Azerbaijan"ın yerli işçilərinin sayı 3 minə çatıb

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir

Bakı. 24 may. REPORT.AZ/ 2016-cı ilin ilk rübünün sonuna "BP-Azerbaijan" şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 926 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"Report" şirkətə istinadən xəbər verir ki, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə 5 azərbaycanlı vitse-prezident daxildir.

"BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir", - deyə şirkətdən qeyd olunub.

"Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov "BP-Azerbaijan"ın hasilat üzrə vitse-prezidenti təyin olunub. Bu yeni vəzifədə E.Məmmədov BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse-prezidentidir. Digər bir təyinat Orxan Quliyevin bu ilin iyun ayından "BP-Azerbaijan"ın texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunmasıdır", - deyə BP-dən xatırladılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi