BP Almaniyadakı neft emalı aktivini satmağı planlaşdırır

Energetika
  • 07 fevral, 2025
  • 14:30
BP Almaniyadakı neft emalı aktivini satmağı planlaşdırır

BP-nin Avropa bölməsi “BP Europa SE” Almaniyadakı neft emalı aktivi olan “Ruhr Oel GmbH - BP Gelsenkirchen” (ROG) şirkətini satmağı planlaşdırır.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, şirkət aktivin satışına dair müqaviləni 2025-ci ildə imzalamağı nəzərdə tutur.

BP-nin müştərilər və məhsullar üzrə icraçı vitse-prezidenti Emma Delani bu qərarın ətraflı təhlildən sonra verildiyini bildirib:

“Biz belə qənaətə gəldik ki, bu aktivin inkişafı üçün yeni sahibkar daha uyğun olacaq. Əminik ki, neft emalı zavodu (NEZ) yeni rəhbərlik altında öz potensialını tam reallaşdıra biləcək”.

Hal-hazırda təxminən 2 min işçisi olan ROG, Gelzenkirxendəki Horst və Şolven bölgələrində yerləşən iki neft emalı zavodunu, eləcə də Botropdakı çən parkını idarə edir. Şirkətin emal gücü ildə təxminən 12 milyon ton neft təşkil edir. Kompleks müxtəlif növ xammal emal etmək, yüksək keyfiyyətli yanacaq istehsal etmək, eləcə də bioyanacaq və təkrar emal edilmiş plastik emalı üçün potensiala malikdir.

Bundan əlavə, Gelzenkirxendəki zavod Şimali Reyn-Vestfaliyanın kimya sənayesində əsas rol oynayır.