BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb”

BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb” ​​​​​​​Bu ilin birinci yarısının sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yatağının “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb
Energetika
3 Avqust , 2023 12:48
BP: “ACE layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb”

Bu ilin birinci yarısının sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yatağının “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 89 % tamamlanıb.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin birinci yarısının nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, ilin ilk altı ayı ərzində ACE platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılıb. Bu qurğu 16 mart tarixində dənizə yola salınanadək istismar sınaqları vasitəsilə tam yoxlanıb. ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti-quraşdırma sahəsində davam edib.

Aprel ayının 4-də Azərbaycan Prezidenti İlham Əliyev üst modulların inşa edildiyi sahəyə baş çəkərək tikintisi artıq başa çatmış qurğu dənizə öz daimi yerinə yola salınmazdan əvvəl onun hazırlıq vəziyyəti ilə tanış olub.

Üst modulların quruda aparılması planlaşdırılan əsas istismar sınaqları ilin birinci yarısında uğurla başa çatıb. Bu işlərə qazma qurğusunun quruda işə salınması və sınaq əməliyyat işləri aparılması müddətinin uğurla bitməsi, inteqrasiya olunmuş qurğu sisteminin bütövlükdə əminlik sınaqları və sistemi dayandırarkən təzyiqin aşağı salınması əməliyyatının təhlükəsizlik sınağı daxil idi.

Belə təhlükəsizlik sınağı ilk dəfə idi ki, quruda, həm də azot qazından istifadə etməklə icra olunurdu. Əvvəllər belə sınaqlar yalnız dənizdə platforma işə salınarkən sistemə karbohidrogen vurmaqla keçirilirdi ki, ACE-də daha buna ehtiyac olmayacaq.

Bütün bu işlər bitdikdən sonra üst modullar təhlükəsiz şəkildə lazımi hündürlüyə qaldırılıb və yükləmə çərçivəsi qurğusunun üzərinə endirildi ki, oradan da daşıma barjasının üstünə sürüşdürülsün. Mayın 30-da STB-1 daşıma barjası Bibiheybət tikinti-quraşdırma sahəsinə gətirildi və üst modulların barjaya yüklənməsi əməliyyatı üçün hazırlıqlar başlanıb.

İyul ayının 2-də üst modullar bütövlükdə STB-1 barjasının üzərinə yükləndi və hazırda bu qurğu dənizdə dayaq blokunun üzərinə quraşdırılmaq üçün avqustun əvvəlində AÇG yatağı sahəsinə yola salınmağa hazır vəziyyətdədir.

İlin birinci yarısında həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcüd 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırmış, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirib.

“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatıb.

Son xəbərlər

Orphus sistemi