Bolqarıstan IGB-nin istismara verilməsi müddətini uzatmaqdan imtina edib

Energetika
  • 07 yanvar, 2022
  • 09:41
Bolqarıstan IGB-nin istismara verilməsi müddətini uzatmaqdan imtina edib

Bolqarıstan hökuməti Yunanıstanın “Avax” şirkətinə Yunanıstan ilə tikilən İnterkonnektorunun (Interconnector Greece - Bolgaria: IGB) istismara verilməsi müddətinin növbəti dəfə uzadılmasından imtina edib. Buna səbəb qaz kəmərinin birləşdirdirici əlaqəsinin istismara verilməsi üçün verilən son tarixin – bu ilin iyulun 1-ə əməl edilməməsi riski var.

“Report” “Euractiv”ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Aleksandr Nikolov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xeyli gecikmələrdən sonra 182 km-lik qaz kəmərinin tikintisinə 2019-cu ilin mayında başlanılıb və müqaviləyə əsasən, 2021-ci ilin sonunadək başa çatdırılmalı idi. Lakin bu ilin ortalarına qədər təxirə salınıb.

Bolqarıstan israr edir ki, bu hədəf tarix müzakirə edilə bilməz. “Məqsəd Yunanıstanla qaz birləşdiricisinin iyulun 1-dək istismara verilməsidir ki, o, növbəti istilik mövsümünə hazır olsun və Bolqarıstan Azərbaycanla müqavilə əsasında təbii qazın bütün həcmini alsın”, - deyə A. Nikolov qeyd edib.

O, təklif edib ki, kəməri tamamlamaq üçün yeni tikinti şirkəti tapmaq olar. İnşaat müqaviləsinə əsasən, bu il yanvarın 1-dən şirkətin hər gün 90 min avro cərimə borcu var. “Bu pul hələ ödənilməyib, lakin onlar hələ də itkilərin qarşısını ala bilmirlər”, - deyə nazir bildirib.

Xatırladaq ki, dekabrın 20-də Bolqarıstan və Yunanıstanın baş nazirləri Kiril Petkov və Kiriakos Mitsotakis birgə bəyanat yayıblar ki, ICBG-nin tikintisi bir neçə ay ərzində tamamlanacaq. Onlar qeyd ediblər ki, qaz qovşağı hər iki tərəf üçün həyati əhəmiyyət kəsb edir. Mitsotakis bildirib ki, bu münasibətlə Afina və Sofiya əməkdaşlığının “yeni mərhələsinə” başlayacaqlar.

Lakin dekabrın əvvəlində interkonnektor cəmi 70 % tikilib və Yunanıstan tərəfindəki gecikmənin daha da əhəmiyyətli olduğu bildirilir. Marşrut boyu bütün borular çəkilməyib, sınaqlar, rekultivasiya işləri aparılmayıb.

İnterkonnektorun tikintisinin məqsədi Bolqarıstanın qaz nəqli şəbəkəsini Yunanıstanla birləşdirməkdir ki, bu da ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) terminallarından qaz idxalına imkan verəcək. Yunanıstanla interkonnektora Avropa institutları və ABŞ tərəfindən Bolqarıstanın enerji təhlükəsizliyinin açarı kimi baxır.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana ixracı üçün nəzərdə tutulub. Dövlətə məxsus “Bulgargaz EAD” şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın alınması üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan qazı Bolqarıstanın təbii qaza olan tələbatının 25-30 %-ini ödəyəcək. İnterkonnektorun uzunluğu 182 km-dir ki, bunun da 150 km-i Bolqarıstan ərazisindən keçir. İnterkonnektorun illik gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulub.

44 - Tezliklə