Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria:IGB) tikintisi yayda yekunlaşmasa, bu ölkəyə 1 milyard kubmetr həcmində təbii qazın tədarükü alternativ marşrutlardan istifadə edilməklə həyata keçiriləcək.
“Report”un xarici mətbuata istiadən verdiyi məlumata görə, bu barədə Baolqarıstan hökuməti bildirib.
Məlumatda həmçinin qeyd olunub ki, Bolqarıstan iyulun 1-dən Azərbaycandan 1 milyard kubmetr qaz almağa hazırlaşır. Bu, Bolqarıstanın illik tələbatının üçdə birini təmin edəcək.
Xatırladaq ki, Yunanıstanın Komotini və Bolqarıstanın Stara Zaqora şəhərləri arasında Yunanıstan-Bolqarıstan İnterkonnektoru boru kəməri Azərbaycan qazını Bolqarıstana çatdırmaq üçün Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşdiriləcək.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.