Bolqarıstan Azərbaycandan təbii qaz alışını 3 dəfə artırıb
- 04 sentyabr, 2023
- 07:18
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Bolqarıstana 445 milyon 187,87 min kubmetr təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ölkəmizdən Bolqarıstana ixrac edilən təbii qazın dəyəri 179 milyon 203,52 min ABŞ dolları təşkil edib.
Qaz ixracının həcmi, 2022-ci ilin ilk yarımillik dövrü ilə müqayisədə 292 milyon 484,89 min kubmetr və ya 2,9 dəfə artıb. Dəyəri isə il ərzində 137 milyon 833,13 ABŞ dolları və ya 4,3 dəfə artıb.
Bu ilin yanvar-iyun aylarında, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 956 milyon 188 min kubmetr həcmində təbii qaz ixrac edib. Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 8 milyard 29 milyon 188 min ABŞ dolları təşkil edib. İxrac edilən təbii qazın həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 % az, dəyəri isə 8 % çoxdur.
Azərbaycanın ümumi ixracında təbii qazın payı 44,7 % olub.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 26 milyard 166 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 17 milyard 968 milyon ABŞ dolları ixracın, 8 milyard 198 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacaq” Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.