Bolqarıstan Azərbaycana "Aİ-95" benzininin satışını bərpa edib
- 13 may, 2022
- 14:40
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 22,323 milyon ABŞ dolları dəyərində 23 min 229 ton "Aİ-95" ("Premium") markalı avtomobil benzini gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 33 % artıb, kəmiyyət olaraq – 11,6 % azalıb.
Hesabat dövründə Bolqarıstandan 7,565 milyon ABŞ dolları dəyərində 6 min 652 ton, Rusiyadan 6,739 milyon ABŞ dolları dəyərində 7 min 405 ton, Rumıniyadan 5,978 milyon ABŞ dolları dəyərində 6 min 713 ton, Türkmənistandan 2,04 milyon ABŞ dolları dəyərində 2 min 458 ton benzin alınıb.
2021-ci ilin ilk 3 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 55,5 % və 68,8 % azalıb. Bir il əvvəl Rumıniya və Türkmənistandan idxal həyata keçirilməyib. Bir il 9 aylıq aradan sonra Bolqarıstandan "Aİ-95" benzinin alışı bərpa edilib.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Aİ-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir.
NEZ-də artıq bu ildən "Avro-5" standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. "Avro-5" dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır. Növbəti bir il ərzində isə daha keyfiyyətli "Aİ-92" benzinin istehsalı və nəhayət "Avro-5" standartına cavab verən "Aİ-92" və "Aİ-95" benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə "Aİ-95" markalı avtomobil benzini istehsal olunmur.