Ruslan Əliyev: “Bu ilin sonuna qədər təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək”

Ruslan Əliyev: “Bu ilin sonuna qədər təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “CEO Lunch” çərçivəsində “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.
Energetika
13 Dekabr , 2019 16:18
Ruslan Əliyev: “Bu ilin sonuna qədər təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “CEO Lunch” çərçivəsində “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.

“Caspian European Club”dan “Report”a verilən məlumata görə, R.Əliyev çıxışında bildirib ki, Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri birbaşa ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir.

“Biz fəaliyyətimizdə məhz Prezidentin qarşımıza qoyduğu tapşırıqları hədəf olaraq diqqətdə saxlayırıq. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda qazlaşma investisiya xarakteri daşımır və dövlət büdcəsindən hər il ayrılan vəsait hesabına icra olunur. Son 10 ildə ölkədə qazlaşma səviyyəsi 62,2%-dən 96%-ə çatdırılıb. “Azəriqaz” İB-nin abonentlərinin sayı 700 mindən 2 milyon 300 minə çatıb. Qaz xətlərinin çox hissəsi yenilənib, əsaslı təmir olunub. Bütün bunların mərkəzində bir məqsəd dayanır – Azərbaycan vətəndaşının rahatlığını və sosial rifahının yaxşılaşdırılmasını təmin etmək. Bu il də qazlaşdırma işləri həm Bakı və paytaxt ətrafında, həm də bölgələrdə sürətlə davam etdirilib. 2019-cu ilin sonunadək təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək. Digər tərəfdən, fəaliyyətimizdə müasir texnologiyalardan yararlanmağa da çalışırıq. Müasir və şəffaf əsaslarla xidmət göstərmək üçün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə inteqrasiya olunmaqda maraqlıyıq. Bir sözlə, “Azəriqaz” abonentinin dostu olmağa, onun qayğılarını öz qayğıları kimi qəbul etməyə daim hazırdır”, - deyə o bildirib.

Sonra “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən “CEO Lunch” sayəsində “Caspian European Club”un biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini deyib. “CEO Lunch” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır. “CEO Lunch” həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir.

Sonra R.Əliyevə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”un üzv şirkətlərinə də sertifikatlar verilib.

“CEO Lunch Baku”nun baş sponsoru “Gazelli Group” MMC-dir.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club”un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. “Caspian European Club”un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Son xəbərlər

Orphus sistemi