“Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş seminar keçirilib

“Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş seminar keçirilib Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminar təşkil edib.
Energetika
17 Sentyabr , 2019 15:15
“Əsrin müqaviləsi”nin 25-ci ildönümünə həsr olunmuş seminar keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminar təşkil edib.

"Report" xəbər verir ki, seminarda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əsrin müqaviləsi”nin beynəlxalq aparıcı şirkətlərlə, çətin geosiyasi proseslərin getdiyi dövrdə imzalandığını deyib: “Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri icrasının son mərhələsinə qədəm qoyur. Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə sona çatdırılmasına nail olacağıq”.

Daha sonra çıxış edən Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Nazir müavini vurğulayıb ki, həmin vaxtdan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə, təqribən, 33 mlrd. dollardan çox sərmayə qoyulub.

E.Soltanov qaz sektorunda da eyni uğurların davam etdiyini bildirib və Azərbaycanın bu sahədə də müsbət nəticələr əldə edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalının artırılmasında da böyük işlər görür və Cənub Qaz Dəhlizi layihəsindən sonra ölkəmiz bu sahədə də uğur hekayəsini davam etdirə bilər.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, “Şahdəniz” dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. O deyib ki, sonradan “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına da sahib olduğunu təsdiq edib. Bununla da Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açılıb. Bəxtiyar Aslanbəyli əlavə edib ki, son 25 ildə BP digər tərəfdaşları və Azərbaycanla birlikdə 3,6 mlrd. barel neft ixrac edib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizinə birləşdirən ilk boru xəttidir: “Bu boru xətti Xəzər dənizi karbohidrogenini dünya bazarına daşıyır və enerji bazarının diversifikasiyasına xidmət edir”.

ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer “Əsrin müqaviləsi”nin Azərbaycanda çətin siyasi proseslərin cərəyan etdiyi bir dövrdə imzalandığını qeyd edib. O vurğulayıb ki, həmin zaman Azərbaycanın 20 faiz torpaqları işğal olunub və ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkün olub. Brenda Şaffer əlavə edib ki, bütün bunlara baxmayaraq, hərtərəfli strategiya ilə müqavilənin imzalanması və aparıcı beynəlxalq şirkətlərin regiona cəlb edilməsi mümkün oldu.

Son xəbərlər

Orphus sistemi