BP ölkədə COVID-19 hallarının müalicəsi imkanlarını artırmağa kömək edib

BP ölkədə COVID-19 hallarının müalicəsi imkanlarını artırmağa kömək edib Pandemiya ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün Azərbaycanda aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi olub
Energetika
14 Dekabr , 2020 15:29
BP ölkədə COVID-19 hallarının müalicəsi imkanlarını artırmağa kömək edib

2020-ci ilin birinci üç rübündə BP və onun idarə etdiyi birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,6 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

“Report”un məlumatına görə, bunu BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bu gün Azərbaycanda yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək məqsədli üçillik layihənin tamamlanması ilə bağlı keçirilən onlayn tədbirdə bildirib.

O bildirib ki, bundan əlavə, ilin birinci üç rübü ərzində təkcə BP ölkədə müxtəlif sosial layihələr çərçivəsində 4,1 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Onun sözlərinə görə, buraya COVID-19 pandemiyası ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün ölkədə aparılan mübarizə tədbirlərinə dəstək məqsədilə BP-nin 3 milyon ABŞ dolları həcmində töhfəsi də daxildir: “Bu vəsait xüsusi olaraq COVID-19-un diaqnostika və müalicəsi üçün ümumi, biokimyəvi və PCR laboratoriyaların xaricdən alınması və ölkəyə gətirilməsi, onların TƏBİB-in tabeliyində olan Yeni Klinikada istifadəyə tam hazır vəziyyətdə quraşdırılması, 100 000 ədəd koronavirus PCR test dəsti, bu testləri həyata keçirmək üçün bütün lazımi laborator sərfiyyat materialları və reagentlərin, həmçinin xüsusi təhlükəli yoluxucu xəstələrin təxliyəsi üçün nəzərdə tutulmuş 3 ədəd izolyasiya kapsulunun alınması və ölkəyə gətirilməsinə xərclənib”.

B.Aslanbəyli qeyd edib ki, bu dəstəyin məqsədi ölkədə COVID-19 hallarının effektiv diaqnozu və müalicəsi imkanlarını artırmağa və ümumilikdə ölkənin səhiyyə xidmətlərini gücləndirməyə yardım etməkdir: “Bundan əlavə, ölkəyə BP-nin Azərbaycandakı əməkdaşları tərəfindən eyni məqsədlər üçün 100 000 manatdan çox vəsait və BP Türkiyə tərəfindən TƏBİB-in təcili yardım maşınları üçün nəzərdə tutulmuş 10 000 ABŞ dolları dəyərində “Castrol” sürtkü yağları da bağışlanıb”.

O vurğulayıb ki, ümumilikdə BP və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 90 milyon ABŞ dollarından çox sərmayə qoyub.

Son xəbərlər

Orphus sistemi