Belçika səfiri: "Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilər"

Belçika səfiri: "Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilər" Cənub Qaz Dəhlizi bir növ şərqdən qərbə uzanan yoldur
Energetika
3 Aprel , 2017 17:54
Belçika səfiri: Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilər
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ "Belçika şirkətləri Azərbaycan iqtisadiyyatının diversifikasiyasına kömək edə bilər."

“Report” xəbər verir ki, bunu Belçikanın Azərbaycandakı səfiri Bert Şufs “Caspian Energy International Media Group”un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə Belçika şirkətlərinin aprelin 12-də Bakıda keçiriləcək “Caspian Energy Forum-2017”-də iştirakı mövzusuna, həmçinin “Caspian European Club (Caspian Business Club), "Caspian American Club" və "Caspian Energy International Media Group" çərçivəsində informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub.

Səfirliyin əsas missiyasının Azərbaycanla Belçika arasında yaxşı münasibətlərin qorunub saxlanılmasından ibarət olduğunu qeyd edən səfir xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Belçikaya səfər edib. “Azərbaycan Prezidenti İlham Əliyevlə Belçika kralı Filipp arasındakı görüşdə əsasən iqtisadi əməkdaşlıqdan bəhs olunub. Əlbəttə ki, iqtisadiyyatın diversifikasiyası mühüm vəzifə olduğundan Azərbaycan Prezidentinin “Yol xəritəsi”nin vacibliyi qeyd olunub” - səfir vurğulayıb.

Onun sözlərinə görə, diversifikasiyaya, eləcə də xarici investorların və xarici şirkətlərin Azərbaycana cəlb edilməsinə böyük zərurət var: “Dövlət başçılarımız qloballaşan dünyada sizin ön cərgələrdə yer tutmalı olduğunuzu anlayırlar. İqtisadiyyatın diversifikasiyası isə Azərbaycanın əsas məqsədlərindən biridir. Belçika şirkətləri bu məsələdə sizə kömək edə bilərlər. Prezident Belçika şirkətlərini Azərbaycana dəvət etməklə onlara açıq-aydın siqnal vermir”.

Səfirin sözlərinə görə, Belçika artıq qeyri-neft və qaz sektorunun müxtəlif sahələrində, məsələn, Azərbaycanın logistika, səhiyyə, kənd təsərrüfatı və tikinti sahələrində iştirak edir.

“Azərbaycanın bu cür şirkətləri özünə cəlb etmək niyyətində olan ölkəyə çevrilmək seçimi etməsi olduqca vacibdir. Biz qloballaşan dünyada yaşadığımız üçün qeyd etməliyəm ki, Belçika şirkətləri vaxtaşırı bura gəlir və mənə Azərbaycan barədə suallar verirlər. Buna görə də mən hansı səbəblərə görə məhz Azərbaycana gəlmək lazım olduğunu onlara izah edə bilməliyəm”, - səfir bildirib.

O qeyd edib ki, elektron viza sayəsində Azərbaycana səyahət etmək xeyli asanlaşıb: “Azərbaycanda turizm üzrə konfrans keçirilib və bu açıq-aşkar siqnala çevrilib. Ötən il bu cür konfrans Brüsseldə təşkil olunmuşdur. Turizmdə ölkəni nümayiş etdirmək olduqca vacibdir”.

“Prezidentin “yol xəritəsi”nin əsas məqsədlərindən biri kiçik və orta müəssisələrin inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Bu gün kiçik və orta müəssisələrin inkişafı texnologiyanı istiqamətləndirir. Bizə təkcə biznesi aparan yox, həm də təcrübəsi olan və texnologiyadan istifadə etməyi bacaran sahibkarlar lazımdır”, - deyə B.Şufs bildirib.

Enerji sahəsindən söz açan B.Şufs vurğulayıb ki, Cənub Qaz Dəhlizi bir növ şərqdən qərbə uzanan yoldur: “Cənub Qaz Dəhlizindən danışarkən qeyd etməliyik ki, Belçika şirkətləri artıq bu layihə ilə maraqlanırlar. TAP layihəsində 19% Belçikanın “Fluxys” şirkətinə məxsusdur. Cənub Qaz Dəhlizinin inşası sayəsində Azərbaycan həmçinin tranzit ölkəyə çevriləcək”.

Son xəbərlər

Orphus sistemi