Yuxarı

​Belçika və İspaniya DESFA şirkətində pay almaq istəyir

Bu iki ölkənin TAP-da ümumi iştirak payı isə 35%-dir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Avropanın enerji şirkətləri Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 17%-nin alınmasına maraqlıdır. "Report" xəbər verir ki, bu barədə Belçika mediasında qeyd olunub.

Belçika mediasının qeyd etdiyinə görə, bu ölkənin "Fluxys" şirkəti DESFA-nın hissələrini almaq istəyən şirkətlər arasındadır.

"İtaliyanın iki şirkəti - "Snam" və "Infrastrutture Transporto Gas", İspaniyanın "Enagas" şirkəti, Hollandiyanın "Gasunie", Rumıniyanın "Transgaz" şirkəti də DESFA-nın 17%-nin alınmasında maraq göstərən şirkətlər arasındadır. "Fluxys" şirkətində 2,1% paya malik olan Belçika Milli İnvestisiya Fondu (SFPI - Societe Federale de Participations et d’Investissement) 30 mln. avro ilə DESFA-da 5%-ın alınmasında iştirak edə bilər", - deyə məqalədə bildirilir.

Qeyd edək ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qalib gəlib. Lakin sonradan Avropa Komissiyası razılaşma ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq DESFA-nın 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini deyib.

Xatırladaq ki, “Fluxys” şirkəti "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazın Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsində 19%, “Enagas” isə 16% paya malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi