BƏƏ ilin sonunadək neft ixracını yenidən azaldacaq
- 28 avqust, 2017
- 12:32
Bakı. 28 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yenidən neft ixracını azaldacağını elan edib. Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) bu ilin sonuna kimi neft ixracının azaldılacağı barədə müştərilərini xəbərdar edib.
“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Suheyl əl-Mazrui bildirib.
Onun sözlərinə görə, oktyabr ayında ADNOC “Murban”, “Das” və “Upper Zakum” markalı neftin tədarükünü 10% azaldacaq.
Ötən ay şirkət müştərilərinə bildirib ki, neft yükləməsi üzrə sentyabr planı 10% azaldılıb.
Nazir “Twitter” mikro-bloqundakı səhifəsində bildirib ki, BƏƏ-nin OPEC qarşısındakı öhdəliyinə uyğun olaraq ADNOC oktyabrda neft ixracını azaldacağı barədə müştərilərinə məlumat verib: “BƏƏ-nin OPEC üzvlüyü çərçivəsində hasilatın azaldılması öhdəliyinin təsdiqinin əlaməti olaraq ADNOC ilin sonuna qədər aylıq neft tədarükünün aşağı salındığını elan edib”.