Batumi və Xelvaçauri bölgələrində 40 minə yaxın abonentə təbii qazın verilməsi bərpa olunub

Batumi və Xelvaçauri bölgələrində 40 minə yaxın abonentə təbii qazın verilməsi bərpa olunub Dekabrın 17-də saat 15:00-dək bütün abonentlər mavi yanacaqla təmin olunacaq
Energetika
17 Dekabr , 2016 10:51
Batumi və Xelvaçauri bölgələrində 40 minə yaxın abonentə təbii qazın verilməsi bərpa olunub

Tbilisi. 17 dekabr. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının ərazisindən keçən magistral qaz kəmərində yaranmış problemin tam aradan qaldırılması istiqamətində işlər sürətlə davam edir. Dekabrın 17-də saat 15:00-dək bütün abonentlər mavi yanacaqla təmin olunacaq.

Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində “SOCAR Georgia Gas” şirkətinin Batumi üzrə nümayəndəsi David Likişvili söyləyib.

Onun sözlərinə görə, qəza nəticəsində Batumi və Xelvaçauri bölgələrində yaşayan 50 minədək abonentin qaz təminatı dayandırılmışdı: "Kobuleti, Kulevi və digər bölgələrdə isə abonentlər əvvəlki qaydada təbii qazdan istifadə ediblər. Qazı kəsilmiş abonentlərdən artıq 38 mini "mavi yanacaq"la tam təmin olunub. Abonentlərə təbii qazın verilişinin bərpası maarifləndirmə işləri ilə yanaşı aparılır. Gecikmənin əsas səbəbi də budur. Bu gün günorta saatlarında qalan 12 minə yaxın abonent də təbii qazla tam təmin olunacaq”.

Qeyd edək ki, dekabrın 15-dən 16-na keçən gecə Acarıstan ərazisində magistral qaz kəmərində təmir işləri aparılan zaman kiçik qəza baş vermişdi. Nəticədə 50 minə yəxin abonentin qaz təchizatı dayandırılmışdı.

Hadisə yerinə cəlb olunmuş təmir briqadaları dekabrın 16-da qaz sızmasının qarşısını alıb və kəmərə təbii qazın doldurulması bərpa olunub. Hazırda Batumi şəhəri və Xelvaçauri rayonu, eləcə də kəndlərin ərazilərində abonentlərə qazın verilişinin bərpası işləri davam edir.

D.Likişvili onu da qeyd edib ki, “SOCAR Georgia GAS” şirkətinin Acarıstan bölgəsində 66821 fəal abonenti var. Bu bölgədə orta və aşağı təzyiqli 972,6 kilometr uzunluğunda qaz xətti çəkilib. 2017-ci ilin sonuna qədər 360 kilometr yeni qaz xəttinin çəkilişi və daha 8935 abonentin təbii qazla təminatı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi