Baş nazir: "Rumıniya Azərbaycan qazını payızda alacaq"
- 03 may, 2022
- 08:08
Azərbaycan təbii qazı, Rumuniyaya bu ilin payızında Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) vasitəsilə tədarük ediləcək.
"Report" Rumıniya mətbuatına istinadən xəbər verir ki, bunu Rumıniyanın Baş naziri Nikolae Çuka Bolqarıstanlı həmkarı Kirill Petkov ilə görüşündə deyib.
“Bolqarıstan bazarında Rusiya qazının inhisarını qıracağı gözlənilən boru kəmərinin tikintisi başa çatdıqdan sonra aparılacaq sınaqlar və yoxlamalardan sonra, çox güman ki, bu ilin payızında, IGB interkonnektoru vasitəsi ilə qaz alacağıq”, - N. Çuka bildirib.
Onun sözlərinə görə, Rusiyadan qaz nəqlinin dayandırılması təkcə Rumıniya və Bolqarıstanı deyil, regionun digər dövlətlərini və Avropanı da əhatə edən problemdir: “Mayın 5-də Sofiyada energetika nazirlərinin regional iclasının keçirilməsi planlaşdırılır. Bu görüşdə Avropaya qaz tədarük etmək potensialına malik olan Azərbaycan və Türkiyənin energetika nazirləri iştirak edəcəklər.”
Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib ki, Bolqarıstan və Yunanıstan arasında Azərbaycan qazının nəql olunacağı interkonnektorun tikintisi iyunun 30-dək başa çatacaq: “Mən əminəm ki, işlər fiziki olaraq iyun ayında yekunlaşacaq”.
Ötən həftənin çərşənbə günü Rusiyanın “Qazprom” şirkəti rublla ödənişdən imtina etdiyi üçün Polşa və Bolqarıstana qaz nəqlini tamamilə dayandırdığını elan edib.
Xatırladaq ki, bu ilin mart ayının sonunda IGB-nin Bolqarıstana ilk dəfə Azərbaycan qazını nəql edəcək TAP layihəsinə qoşulduğu açıqlanmışdı. IGB layihəsinin iyul ayından istismara veriləcəyi nəzərdə tutulur ki, nəticədə Bolqarıstan bilavasitə Azərbaycandan qaz idxal edə biləcək. İlk dövrdə bu kəmərlə ildə 1 milyard kubmetr qaz ötürüləcəksə, sonradan 3 milyard kubmetrlik layihə ötürücülük gücünə çatdırmaq hədəflənir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.
Qeyd olunur ki, Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.
BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.
Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.