Bakı. 27 fevral. REPORT.AZ/ Yaxın həftələr əarzində "Brent" və "WTI" markalı neftin bir barelinin qiymətinin 30 dollaradək düşəcəyi proqnozlaşdırılır.
"Report" "RBK"ya istinadən xəbər verir ki, bunu "Bank of America"nın birja mallarını araşdırma idarəsinin başçısı Fransisko Blanş deyib.
Onun sözlərinə görə, ABŞ-ın neft ehtiyatının qısa müddətə artacağı gözlənilir. F.Blanş deyib ki, gündəlik təklif tələbdən təqribən 1,4 milyon barel artıqdır: "Neft saxlanılan anbarlarda yer olmazsa, o zaman tələb və təklif arasında tarazlığın saxlanması qiymətlərə təsir edəcək. Yaxın həftələrdə biz bunu gözləyirik".
Ekspert ABŞ-ın Neft İnstitutunun göstəricilərinə istinad edərək bildirib ki, ölkədə fevralın 20-dək həftəlik ehtiyat proqnozu 8,9 milyon bareli aşaraq, 437 milyon barel təşkil edib.
"IHS Energy Insight" Neft emalı şirkətinin analitiki Premasiş Dasın sözlərinə görə, ABŞ-ın kommersiya neft anbarlarının 80 % -i artıq dolub.